Kömək və yardım duaları (#4765)

Ey üzü qibləm, camalı Məbədim, dərgahı məqsədim, tərifi ümidim, istəyi munisim, eşqi varlıq səbəbim, zikri təsəllim, yaxınlığı amalım, vüsalı son arzum, uca diləyim Allah! Yalvarıram Sənə, bəndələrindən seçilmişlərin üçün yazdıqlarından məni məhrum etmə. Sonra mənə bu dünyanın və o dünyanın xeyrini nəsib eylə.

Sən, həqiqətən, bütün insanların Sultanısan! Səndən başqa Allah yoxdur, Sən Həmişə Bağışlayan və Ən Səxavətlisən.

-Bahá'u'lláh
-----------------------

Kömək və yardım duaları (#4766)

Mənim Allahım, Məbudum, Sultanım, Məqsudum! Sənə şükrlərimi hansı dil bəyan edə bilər? Qafil idim, ayıltdın, Səndən üz çevirmişdim, Sənə tərəf dönməyimə mərhəmətlə kömək etdin. Ölü idim, dirilik suyu ilə mənə həyat verdin. Solmuşdum, Ən Mərhəmətlinin Qələmindən axan bəyan Kövsərindən mənə təravət bağışladın.

Ey Pərvərdigar! Bütün mövcudat Sənin kəramətindən yaranmışdır; Öz səxavət sularından onu məhrum etmə və mərhəmət dənizindən onu kənar tutma. Hər zaman və hər bir şəraitdə Sənin kömək və yardımın üçün yalvarır və Sənin fəzl göyündən qədimi bəxşişini diləyirəm. Sən, həqiqətən, Kəramət Sahibi və əbədi Mələkut Sultanısan.

-Bahá'u'lláh
-----------------------

Kömək və yardım duaları (#4767)

Ucalsın Sənin Adın, ya Rəbb, bizim Allahımız! Sən həqiqətən, görünməyən şeyləri Bilənsən. Bizə o xeyiri nəsib eylə ki, Sənin hər şeyi əhatə edən elmin ölçə bilər. Sənsən hökmran Allah, Qüdrətli və sevgili Məhbub.

Bütün alqış Sənə olsun, Ya Rəbb! Təyin olunmuş gündə biz Sənin mərhəmətini axtarar və bütünlüklə, Ey bizim Rəbbımız, Sənə təvəkkül edərik. Sən Cəlal Sahibisən, İlahi! Bizə xeyirli və layiqli olanı bəxş eylə ki, Səndən başqa hər şeydən azad olaq. Həqiqətən, Sənsən aləmlərin Rəbbi.

İlahi! Sənin günlərində səbrli olanları mükafatlandır və onların qəlblərini möhkəmləndir ki, Haqqın yolundan yayınmasınlar. Sonra, Ya Rəbb, elə xeyir-bərəkətləri bəxş eylə ki, onları Sənin tam xoşbəxtlik Cənnətinə daxil olmağa qabil etsin. Ucasan Sən, Ya Rəbb, İlahi! Öz səma nemətlərini Sənə inananların evlərinin üzərinə yağdır. Həqiqətən, İlahi, nemətlər nazil etməkdə Sənin bərabərin yoxdur. Ey Allah, Sənin vəfalı bəndələrinə zəfər qazanmaqda kömək edən qoşunlar göndər. Sən yaradılmış hər şeyi Öz əmrinlə istədiyin şəklə salırsan. Sən həqiqətdə Hökmran, Yaradan və Hikmət Sahibisən.

Söylə: Həqiqətən, Allah bütün şeylərin Xaliqidir! O bol ruzini istədiyi kəsə bəxş edir. O Yaradıcı, bütün varlıqların Mənbəyi, Qurucu, Qüdrətli, Həyatverici, Ən Hikmətlidir. Göylərdə, yerdə və onların arasında olan ən gözəl adlar Ona məxsusdur. Hər şey Onun əmrinə tabedir, yerin və göyün sakinləri Onun tərifini ucaldır və hamı Ona gayıdacaqdır.

-The Báb
-----------------------

Kömək və yardım duaları (#4768)

Ey mənim Allahım, mənim Rəbbim və mənim Mövlam! Mən yaxınlarımdan ayrılmışam, Sənin vasitənlə dünya əhlindən asılılıqdan qurtulmağa çalışmış və Sənin nəzərində layiqli olanları əldə etməyə tam hazır olmuşam. Mənə o nemətləri bəxş eylə ki, onunla Səndən başqa hər şeydən azad olum və mənə sonsuz bərəkətlərindən bol pay əta eylə. Həqiqətən, Sən böyük fəzl Sahibisən.

-The Báb
-----------------------

Kömək və yardım duaları (#4769)

İlahi! Çarəsizik, lütf eylə; fəqirik, sərvət dəryandan pay ver; möhtacıq, qane eylə; zəlilik, izzətini əta eylə. Göydəki quşlar və yerdəki heyvanlar öz yemini hər gün Səndən alır, bütün varlıqlar Sənin inayət feyzindən bəhrələnir.

Bu acizi ecazkar fəzlindən binəsib qoyma və qüdrətinlə bu çarəsizi bəxşişinə layiq gör.

Gündəlik ruzimizi ver və bərəkətini ehsan et, ta ki, Səndən başqa heç kəsə möhtac olmayaq, ancaq Səninlə ünsiyyətdə olaq, Sənin yollarınla gedək və Sənin sirlərini açıqlayaq. Sənsən Qüdrətli, Mehriban, bəşərə Ruzi Verən.

-`Abdu'l-Bahá
-----------------------

Kömək və yardım duaları (#4770)

Sən Ey mehriban Allah! Biz Sənin astananın bəndələriyik, Sənin müqəddəs Qapına sığınmışıq. Biz bu möhkəm sütundan başqa sığınacaq axtarmırıq, Sənin himayə pənahından başqa heç yerə üz tutmuruq. Bizi hifz eylə, inayət eylə, himayə göstər, bizi qabil eylə ki, ancaq Sənin razılığını sevək, təkcə Sənin tərifini söyləyək, yalnız həqiqət yolunda addımlayaq, ta ki, kifayət qədər zəngin olaq, Səndən başqa heç kimə möhtac olmayaq və Sənin səxavət dənizindən öz bəxşişlərimizi alaq; ta ki, hər zaman Sənin Əmrini ucaltmağa və Sənin şirin rahiyələrini yaymağa çalışaq; ta ki, özümüzü unudaq, yalnız Səninlə məşğul olaq və hamıdan əl üzək, Sənə bağlanaq.

Sən Ey Ruzi verən, Sən Ey Bağışlayan! Öz fəzlini, inayətini, feyzlərini və nemətlərini bəxş eylə, bizi bəslə və yetişdir ki, öz məqsədimizə çataq. Sən Qüvvətlisən, Qadirsən, Bilən və Görənsən; və həqiqətən, Sən Səxavətlisən, həqiqətən, Sən Mərhəmətlisən, həqiqətən, Sən peşimançılığı qəbul edən, ağır günahları əfv Edən, həmişə Bağışlayansan.

-`Abdu'l-Bahá
-----------------------

Kömək və yardım duaları (#4771)

Yığma, İlahi, Sənin adınla açılmış bayram süfrəsini və Sənin sönməz atəşinlə alovlandırılmış yanar odu söndürmə. Sənin cəlalın və zikrinin nəğməsi ilə şırıldayan o dirilik suyunu çağlamaqdan saxlama və Öz bəndələrini Sənin məhəbbətinin ətirlərini saçan o şirin rayihələrindən məhrum etmə.

İlahi! Öz övliyalarının dərdlərini yüngülləşdir, onların çətinliklərini rahatlığa, zillətini izzətə və qəmlərini sevincə çevir, Sən Ey bəşərin cilovunu ovcunda Tutan!

Sən, həqiqətən, Təksən, Vahidsən, Qüdrətli, Hər Şeyi Bilən və Ən Hikmətlisən.

-`Abdu'l-Bahá
-----------------------

